Azərbaycan çempionu “Neftçi” UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab görüşündə HİK-in qonağı olub.

Komandamızın Finlandiya klubu Bakıda keçirilən oyunu 2:2 hesabilə başa çatmışdı. Səfərdə isə lazımi nəticəni qazanmaq mümkün olmayıb. 1-ci hissədə hesab açılmayıb. Fasilədən sonra rəqib fəallaşıb. HİK futbolçuları 2-ci yarı başlayan kimi hesabı açıblar. Riku Riski meydana daxil olan kimi “Neftçi”ni cəzalandırıb. 53-cü dəqiqədə komandamız tarazlığı bərpa etməyə yaxın olsa da, Aramiş Soaresin başla zərbəsindən sonra top qapı tirindən qayıdıb. Əvəzində finlandiyalılar fərqi artırıblar. Mamadu Mbocun cərimə meydançasında ehtiyatsız oyununa görə “Neftçi”nin qapısına penalti təyin edilib. Hesabı açan Riku Riskinin qardaşı Roope hədəfdən yayınmayıb. 80-ci dəqiqədə Bakı klubu təhlükəli vəziyyət yaradıb. Lakin Emin Mahmudovun zərbəsindən sonra qapıçı Yakob Tanander yaxşı reaksiya göstərib. Vaxtın yekunlaşmasına 1 dəqiqə qalmış HİK fərqi 3 topa çatdırıb. Romen Baskın kobud səhvindən sonra topa yiyələnən Roope Riski dubl edib.

Beləliklə Finlandiya klubu “Neftçi”ni 2 görüşün yekununa əsasən 5:2 hesabilə məğlub edərək UEFA Avropa Liqasının pley-ofuna çıxıb. “Neftçi” isə mübarizəni UEFA Konfrans liqasının müvafiq mərhələsində davam etdirəcək.